Azərbaycan Dövlət Neft Fondunun aktivləri 8% artıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 8% artıb Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-in büdcədənkənar gəliri 876 mln. manat olub
Maliyyə
8 Fevral , 2018 10:00
Azərbaycan Dövlət Neft Fondunun aktivləri 8% artıb

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2017-ci il ərzində 12 137,5 mln. manat, büdcə xərcləri isə 11 015,5 mln. manat təşkil edib.

“Report”a Neft Fondundan verilən məlumata görə, 2017-ci ildə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 053,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 030,0 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişləri 3,6 mln. manat, tranzit gəlirləri 17,9 mln. manat təşkil edib.

Ötən il ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 083,6 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 876,2 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində ARDNF-in 2017-ci il büdcəsinin icrası çərçivəsində 6 100,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 105,0 mln.manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 20,5 mln. manat vəsait ayrılıb. 17,0 mln. manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 3 949,5 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. "Star" neft emalı kompleksinin tikintisinə 735,4 mln. manat vəsait ayrılıb. 2017-ci il ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 18,1 mln. manat təşkil edib.

2018-ci il yanvarın 1-ə fondun aktivləri 2017-ci ilin əvvəlinə (33 147,0 mln. ABŞ dolları) nisbətən 8,02% artaraq 35 806,5 mln. dollara bərabər olub. Qeyd edilib ki, aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına olub.

Son xəbərlər

Orphus sistemi