Azərbaycan BOKT-unun istiqrazları listinqə daxil edilib

Maliyyə
  • 28 noyabr, 2023
  • 10:41
Azərbaycan BOKT-unun istiqrazları listinqə daxil edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Kəpəz” MMC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manatlıq faizli, adlı, təminatsız, sənədsiz istiqrazlarının 500 min manatlıq 1-ci tranşı standart bazar seqmentində listinqə daxil edilib.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 60 ay tədavüldə olacaq. Onun illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək.

Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Xatırladaq ki, “Kəpəz” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. BOKT-un səhmdarı 100 % Əbülfəz Əliyevdir.