Azərbaycan BOKT-u manatla, illik 14% gəlirliliklə istiqraz buraxır
- 11 mart, 2022
- 12:13
“Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “International" QSC bank olmayan kredit təşkilatının (BOKT) yeni istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd, yəni 2 milyon manatlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.
Qiymətli kağızlar 18 ay müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "Azfinance İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində açıqlanacaq.
Emitentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.