Azərbaycan BOKT-ları tam rəqəmsal xidmətlər göstərə bilər

Azərbaycan BOKT-ları tam rəqəmsal xidmətlər göstərə bilər "Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) tam rəqəmsal xidmətlər göstərə bilər, amma bunun üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır".
Maliyyə
29 Sentyabr , 2022 17:28
Azərbaycan BOKT-ları tam rəqəmsal xidmətlər göstərə bilər

"Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) tam rəqəmsal xidmətlər göstərə bilər, amma bunun üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır".

Bunu "Report"a açıqlamasında "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva bildirib.

"BOKT-lar rəqəmsallaşma ilə bağlı müəyyən təşəbbüslər üzərində işləyirlər, amma bəziləri bu sahədə irəliləyişlər də əldə edib. Məsələn, onlar sənədləri onlayn qaydada toplayır. Müştəri yalnız müqaviləni imzalamaq və krediti götürmək üçün BOKT-un ofisinə getməyə məcbur olur. Digər bütün sənədlər onlayn tərtib edilir. Hətta bəzi BOKT-lar filiallarında işçi heyətini azaldıb. Yalnız bəzi işçilər qalıb ki, onlar da kredit vermək üçün müraciətçilərin biznesinə baxış keçirir, onun biznes planda göstərildiyi kimi olub-olmadığını yoxlayır.

Tam rəqəmsallaşmaya keçmək üçün qanunvericilikdə dəyişiklər etmək lazımdır. Bu istiqamətdə təklifləri Azərbaycan Mərkəzi Bankı ilə müzakirə edirik. Qurumda mirkomaliyyə sektorunun inkişafına xidmət edən strategiya üzərində iş gedir. İnanırıq ki, AMB həmin strategiyanı təsdiq edəndən sonra bizim sektor üçün hansı alətlərin mövcud olduğu və bu alətlərdən istifadə etmək üçün kimlərlə əməkdaşlıq edə biləcəyimiz aydın olacaq. Yəqin ki, yaxın zamanlarda AMB bu məsələni ictimai müzakirəyə çıxaracaq. Biz "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyi ilə də əməkdaşlıq etməyi planlaşdırırıq. Bu günə kimi olan görüşlərimizin praktiki müstəviyə keçməsi üçün qanunvericilikdə dəyişikliklərin olmasını gözləyirik”, - deyə o, qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, hazırda Azərbaycan BOKT-ları həm də qiymətli kağızlar bazarının imkanlarından yararlanmağa, manatla vəsait cəlb etməyə çalışır: "Xarici investorlar Azərbaycanda işləməyə yenə də maraq göstərsə də, postpandemiya mərhələsində yerli valyuta ilə olan resurslar BOKT-lar üçün daha maraqlıdır. Bizim üzvlərimiz olan BOKT-lar dövlət qurumları ilə əməkdaşlıq edir, eyni zamanda istiqrazlar buraxaraq milli valyutada resurslər cəlb edirlər. Bu da müsbət bir haldır ki, BOKT-lar daha az xərclə və manatla cəlb edib müştəri əhatəsini genişləndirməyə çalışırlar”.

J.Hacıyeva BOKT-ların işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlaması imkanları barədə də danışıb: "Bəzi BOKT-lar vaxtilə Ağdamda, Füzulidə filiallarını açıb. Bir milyon qaçqın və məcburi köçkünümüzün maliyyə xidmətlərinə ehtiyacı olduğu zamanlar BOKT-ların yeni yaranması dövrünə düşmüşdü. 1996-cı ildən Azərbaycanda bu proqramların icrasına başlanılmışdı. Torpaqlarımız işğaldan azad edildikdən sonra da BOKT-lar bu istiqamətdə fəaliyyətini davam etdirməkdə maraqlıdır. Bunun üçün həm resrurs, həm də qanunvericilik bazasında inkişaf yönümlü dəyişikliklərə ehtiyac var. İndiyə kimi xırda dəyişikliklər olurdu. Bizim bu vaxta qədər əlaqələrimiz daha çox tənzimləyici xarakter daşıyırdı. Amma indi rəqəmsallaşma dövründə başqa çağırışlar mövcuddur, inkişaf yönümlü dəyişikliyə ehtiyac var ki, BOKT-lar həm cari müştərilərə, həm də yeni müştərilərə çeşidli xidmət göstərə bilsinlər”.

Son xəbərlər

Orphus sistemi