Bakı. 22 dekabr. REPORT.AZ/ İdman, mədəniyyət, təhsil və s. bu kimi sahələrin inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı korporativ sosial məsuliyyət layihələrini regionlarda da davam etdirir.
Bankdan "Report"a verilən xəbərə görə, belə regional layihələrdən biri də Salyan rayonunda həyata keçirilib. Bankın Salyan şöbəsi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində rayondakı 1 saylı məktəbin bir qrup şagirdi üçün bank xidmətləri mövzusunda maarifləndirici tədbir təşkil edib. Məktəblilərə əvvəlcə, ümumilikdə, bank fəaliyyəti və ölkənin ən aparıcı bankı kimi Azərbaycan Beynəlxalq Bankı haqqında məlumat verilib. Daha sonra şagirdlər arasında bankçılıq haqqında sualları əhatə edən viktorina keçirilib. İlk üç yerin qaliblərinə mükafatlar təqdim olunub.
Eyni zamanda, tədbirdə iştirak edən bütün şagirdlərə Azərbaycan Beynəlxalq Bankının Yeni il hədiyyələri verilib. Uşaqların fərdi inkişafına, bank-maliyyə sahəsində bilik əldə etməsinə kömək göstərən bu cür tədbirləri Bank gələcəkdə də davam etdirmək niyyətindədir.