Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) Rusiyada törəmə qurumu olan "ABB-Moskva" Bankının Sankt-Peterburq şəhərində yerləşən filialının bağlanması haqqında yayılan xəbərlərlə bağlı açıqlama verib.
ABB-nin mətbuat katibi Yadigar Cəfərli "Report"a hüquq-mühafizə orqanları əməkdaşlarının filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəldiklərini bildirib. Bununla yanaşı, filialın şöbə müdiri Yaşar Səfərovun həbs edilməsi ilə bağlı xəbərlər də həqiqətə uyğun deyil. Onun sözlərinə görə, Sankt-Peterburq filialı hazırda adi qaydada işləyir və fəaliyyətində heç bir problem yoxdur.
Qeyd edək ki, Rusiya KİV-in yaydığı məlumata əsasən, "ABB-Moskva" bankının Sankt-Peterburqdakı filialında axtarış aparılıb. Axtarış Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi rayon üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyi Baş İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməliyyatçıları tərəfindən həyata keçirilib.
Bu tədbirlər pulların xaricə qanunsuz çıxarılması ilə bağlı açılmış cinayət işi çərçivəsində aparılır.
Məlumata əsasən, axtarış zamanı bank filialının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.