“Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının pay bölgüsü dəyişib
- 24 sentyabr, 2024
- 12:01
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının pay bölgüsündə dəyişiklik olub.
"Report" xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 4,6 % artırılaraq 1 milyard 225,648 milyon manatdan 1 milyard 281,272 milyon manata çatdırılmasından sonra baş verib.
Belə ki, ABB-nin əsas səhmdarı olan Maliyyə Nazirliyinin payı 92,56 %-dən 88,54 %-ə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin payı 3,81 %-dən 3,64 %-ə, “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) payı isə 0,23 %-dən 0,22 %-ə düşüb, əvəzində fiziki şəxslərin və digər hüquqi şəxslərin payı 3,4 %-dən 7,6 %-ə çatıb. Buna səbəb Bankın kapital artımı üçün dövriyyəyə buradığı yeni səhmləri yalnız fiziki şəxslərin əldə etməsi, son nəticədə fiziki şəxs səhmdarların sayının 1 794 nəfərdən 35 104 nəfərə yüksəlməsidir.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb.