“Azərbaycan Beynəlxalq Bankı”nın istiqrazlarına 9 investor maraq göstərib
- 01 iyun, 2022
- 09:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin 20 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
“Report” bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar premium bazar seqmentində, rəqabətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 9 investor qiymət intervalı 1000 manat (6%), ümumi məbləği isə 20 milyon manat olan 9 sifariş təqdim edib. Beləliklə, yerləşdirmə tam baş tutub.
Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 1 000 manat (6%) müəyyən olunub.
Qiymətli kağızlar 2 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.