"Azərbaycan Banklar Assosiasiyası" və "Azərbaycan Hakimlər İttifaqı" İctimai Birlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənədi Assosiasiyanın sədri Zakir Nuriyev və İttifaqın İdarə Heyətinin sədri Ramiz Rzayev imzalayıb.
Memorandum ikitərəfli əlaqələrin genişləndirilməsini və möhkəmləndirilməsini nəzərdə tutur.
"Memorandumun imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində fəaliyyət, bank sahəsində məhkəmə təcrübəsinin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi, qanunvericiliyin təkmilləşdirilməsi və ictimaiyyətin bank sahəsi ilə bağlı hüquqi maarifləndirilməsinə dəstək göstərməkdir", - deyə Z.Nuriyev qeyd edib.
"Azərbaycanda bankların hüquqi müstəvidə qarşılaşdığı elmi-nəzəri və praktiki problemlərə maarifləndirici dəstəyin verilməsinə ehtiyac var. Memorandumun bu məsələdə qarşılıqlı əməkdaşlığımıza faydalı olacağına və müstəqil fəaliyyətlərimizə töhfələr verəcəyinə əminəm", - deyə R.Rzayev qeyd edib.