​Azərbaycan bank sektorunun əsas pul-kredit göstəriciləri (01.04.2015-ci il) - İCMAL

​Azərbaycan bank sektorunun əsas pul-kredit göstəriciləri (01.04.2015-ci il) - İCMAL Azərbaycan Mərkəzi Bankı 2015-ci il aprelin 1-nə olan pul-kredit göstəricilərini açıqlayıb
Maliyyə
2084
13 May , 2015 14:25
​Azərbaycan bank sektorunun əsas pul-kredit göstəriciləri (01.04.2015-ci il) - İCMAL

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycan bank sektorunun xalis xarici aktivlərinin həcmi 2015-ci ilin mart ayı ərzində 1 566,3 mln. manat və ya 14,3% azalaraq aprelin 1-nə 9 354,5 mln. manat təşkil edib. Əksinə, xalis daxili aktivlər 958,5 mln. manat və ya 10,5% artaraq 10 152,9 mln. manat olub.

"Report"un analitik qrupu bildirir ki, iqtisadiyyata kredit qoyuluşunda ciddi dəyişiklik olmayıb və bu göstərici ilk rübdə 59,5 mln. manat və ya 0,3% azalaraq 22 516,2 mln. manata düşüb.

Hesabat ayında geniş mənada pul kütləsi 607,8 mln. manat və ya 3% azalaraq 19 507,4 mln.manat olub. İlin əvvəli ilə müqayisədə bu göstərici 2 059 mln. manat və ya 9,5% azdır.

Geniş mənada manatla pul kütləsi martda 1 113,9 mln. manat və ya 8,2% azalaraq aprelin 1-nə 12 493,1 mln. manat təşkil edib.

Geniş pul kütləsi ilə geniş mənada manatla pul kütləsinin azalma miqdarında 945,1 mln. manat sərbəst dönərli valyutada əmanət və depozitlərin artımını göstərir.

Manatın dövretmə sürəti aprel ayının 1-nə 3,69 olub. Əvvəlki ay bu göstərici 3,14-ə bərabər olub. Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya, ÜDM və dövriyyədə olan nağd puldan asılıdır. İlk iki amil artarsa, üçüncü amil isə azalarsa, dövretmə sürəti artar. Aprelin 1-nə açıqlanan statistik hesabat inflyasiyanın artdığını, ÜDM-in nominal olaraq azaldığını, dövriyyədə olan nağd pulun da azaldığını göstərdiyinə görə, manatın dövretmə sürəti artıb. ÜDM-in azalmasına baxmayaraq, digər iki amil manatın dövretmə sürətinin artmasına səbəb olub.

Bununla yanaşı, manatda olan bank depozitləri mart ayında 550,7 mln. manat və ya 9,8% azalaraq aprelin 1-nə 5 092,6 mln. manat təşkil edib. İlin əvvəlindən azalma 2 183,2 mln. manat və ya 30%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 1 076,6 mln. manat və ya 17,5% olub.

Xarici valyutada olan depozitlər hesabat ayında 506,3 mln. manat və ya 7,8% artıb. İlin əvvəli ilə müqayisədə isə artım 2 883,6 mln. manat və ya 69,8% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 3 769,2 mln. manat və ya 116,2% təşkil edib. Yuxarıdakı rəqəmlər devalvasiyadan öncə yığımlarını xarici valyutaya konvertasiya edə bilməyənlərin bu prosesə qoşulduğunu göstərir. Nəticədə, manata inamın hələ də bərpa olunmadığı ortaya çıxır. Yığım sahiblərinin növbəti devalvasiya ilə bağlı gözləntiləri hələ davam edir.

Pul aqreqatlarının təhlili zamanı M0-ın (dövriyyədə olan nağd pul) martda 561,1 mln. manat və ya 7% azaldığını müşahidə edirik. İlin əvvəli ilə müqayisədə M0 aqreqatı 2 755,9 mln. manat və ya 27% azalıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə azalma 2 557 mln. manat və ya 25,7% olub. M0-ın bugünkü həcmi təxminən 2012-ci ilin ilk rübünə yaxın səviyyədədir. Bunun pik səviyyəsi isə 2014-cü ilin iyul ayında (10 508,9 mln. manat) olub.

M1 aqreqatında azalma isə martın 1-nə nisbətən 815,5 mln. manat və ya 8% təşkil edib. İlin əvvəli ilə müqayisədə isə azalma 3 537,7 mln. manat və ya 27,6%, keçən ilin müvafiq dövrü ilə müqayisədə isə 3 007,8 mln. manat və ya 24,4% olub. Yəni, manatla tələb olunanadək depozitlərin həcmində də neqativ dinamika müşahidə olunur.

M2 aqreqatının təhlili zamanı da martın 1-nə olan göstərici ilə müqayisədə 1 113,9 mln. manat və ya 8,2% azalma görürük. İlin əvvəli ilə müqayisədə azalma 4 942,7 mln. manat və ya 28,3% təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə azalma 3 639,2 mln.manat və ya 22,6% olub.

M3 aqreqatı və ya geniş mənada pul kütləsi mart ayında 607,8 mln. manat və ya 3% azalıb. İlin əvvəli ilə müqayisədə azalma 2 059 mln. manat və ya 9,5% olub. Lakin keçən ilin müvafiq dövrü ilə müqayisədə isə hələ də artım (130,4 mln. manat və ya 0,6%) var.

M3-ün digər aqreqatlara nəzərən daha zəif azalmasının səbəbi isə onun strukturuna daxil olan sərbəst dönərli valyutada əmanət və depozitlərin əksinə, artım göstərməsi ilə bağlıdır. Yəni, M2 aqreqatı martda 1 113,9 mln. manat, M3 aqreqatı isə cəmi 607,8 mln. manat azalıb. Aradakı fərq isə valyuta depozitlərindəki artımın həcmini əks etdirir.

Bundan başqa, xarici valyutada ehtiyat aktivləri mart ayı ərzində 1 019 mln. manat və ya 17% azalıb. Nəticədə, qiymətli kağızlarda azalma 14,2 mln. manat və ya 0,3%, valyuta və depozitlərdə isə 1 004,8 mln. manat və ya 58,6% olub.

Son xəbərlər

Orphus sistemi