Azərbaycan 10 il ərzində CAREC ölkələrinə investisiya qoyuluşuna görə 3-cü yerdədir

Maliyyə
  • 22 sentyabr, 2022
  • 19:19
Azərbaycan 10 il ərzində CAREC ölkələrinə investisiya qoyuluşuna görə 3-cü yerdədir

Azərbaycanın CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramına daxil olan ölkələrin investisiya portfelindəki payı 10 il ərzində 14 %-ə çatıb və 2021-ci ilin sonuna maliyyələşdirilmiş layihələrin ümumi həcmi 5,662 milyard ABŞ dolları təşkil edib.

“Report” CAREC-ə istinadən xəbər verir ki, 2001-2021-ci illərdə CAREC ilə bağlı investisiyalar 218 layihəni əhatə etməklə 41,1 milyard ABŞ dolları olub. Bunlardan 15,6 milyard ABŞ dollarından çoxu Asiya İnkişaf Bankı (AİB), 16,3 milyard ABŞ dollarından çoxu inkişaf üzrə digər tərəfdaşlar, 9 milyard ABŞ dollarından çoxu isə CAREC hökumətləri tərəfindən maliyyələşdirilib.

Bu investisiyalardan ən böyük pay nəqliyyat sektoruna aiddir - təxminən 75 % və ya 30,8 milyard ABŞ dollarından çox vəsait. Enerji sektorunun payı 22 % və ya 8,94 milyard dollardan çoxdur, ticarətin payı isə 3 % və ya 1,05 milyard dollar təşkil edir.

Ən böyük investisiya həcmi Qazaxıstan (22 % və ya 9,04 milyard ABŞ dolları) və Özbəkistana (19 % və ya 7,9 milyard ABŞ dolları) yatırılıb.

Beləliklə, Azərbaycan 5,662 milyard ABŞ dolları ilə investisiyaların həcminə görə ölkələr siyahısında üçüncü yerdədir. Sıralamada sonrakı yerlər belə bölünüb: Əfqanıstan (11 % və ya 4,6 milyard ABŞ dolları), Gürcüstan (7 % və ya 2,9 milyard ABŞ dolları), Tacikistan (6 % və ya 2,3 milyard ABŞ dolları), Türkmənistan (5 % və ya 2,2 milyard ABŞ dolları), Qırğızıstan (5 % və ya 2,07 milyard ABŞ dolları), Çin (5 % və ya 1,97 milyard ABŞ dolları), Pakistan (4 % və ya 1,8 milyard ABŞ dolları) və Monqolustan (2 % və ya 714 milyon ABŞ dolları).

2021-ci ilin dekabr ayına olan məlumata görə, CAREC ilə əlaqəli texniki yardım (TY) layihələri təxminən 579,13 milyon ABŞ dollarına çatıb.

Xatırladaq ki, CAREC proqramı regional əməkdaşlıq vasitəsilə iqtisadi artımı və davamlı inkişafı təşviq etmək üçün 11 ölkənin (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) tərəfdaşlığıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti