“Azəraqrartikinti”nin xalis mənfəəti 7 dəfədən çox azalıb

Maliyyə
  • 25 may, 2022
  • 05:01
“Azəraqrartikinti”nin xalis mənfəəti 7 dəfədən çox azalıb

"Azəraqrartikinti" ASC 2021-ci ili 2,002 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-cu illə müqayisədə 7,3 dəfə azdır.

Ötən il "Azəraqrartikinti"nin vergiyəqədərki mənfəəti 2,502 milyon manat (əvvəlki ilə nisbətən 7,3 dəfə az), mənfəət vergisi ödəmələri isə 500 min manat (7,3 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azəraqrartikinti"nin aktivləri 55,356 milyon manat olub ki, bu da illik müqayisədə 8,8% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8,1% artaraq 23,925 milyon manat, balans kapitalı isə 9,4% artaraq 31,431 milyon manat, o cümlədən nizamnamə kapitalı 18,3% azalaraq 2,875 milyon manat olub.

Xatırladaq ki, "Azəraqrartikinti" 1961-ci ildən fəaliyyət göstərən “Başkolxozlararasıtikinti” İdarəsinin bazasında 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,218 milyon manatdır. Səhmdar cəmiyyəti bir sıra dövlət sifarişlərində icraçı olub.