“Azər-Türk Bank" maliyyə vəziyyətini açıqlayıb
- 16 oktyabr, 2023
- 06:01
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 10,499 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə çoxdur.
9 ay ərzində “Azər-Türk Bank”ın gəlirləri 67,661 milyon manat (illik müqayisədə 52 % çox), xərcləri 50,918 milyon manat (37,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,744 milyon manat (1,4% az), mənfəət vergisi ödəmələri isə 2,5 milyon manat (3,6 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə “Azər-Türk Bank”ın aktivləri 863,329 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3 % çoxdur. Bunun 426,068 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 43,1 % böyüyüb.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 0,1 % azalaraq 782,531 milyon manat, o cümlədən depozit portfeli 30,4 % artaraq 421,971 milyon manat, balans kapitalı isə 32,2 % artaraq 80,797 milyon manat olub.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.