Bu gün “Azər-Türk Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilərək Bankın Müşahidə Şurası yenidən formalaşdırılıb.
“Report” bu barədə kredit təşkilatına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov Şuranın sədri, Holdinqin Hüquqi təminat və dövlət qurumları ilə əlaqələndirmə departamentinin direktoru Günel Cavadova və Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin şöbə müdiri Pərvin Manafov isə Şuranın üzvləri seçiliblər. İndiyə qədər Şuranın sədri Famil İsmayılov, üzvləri isə Muqdat İsmayılov və Samir Nəsibov olub.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.