“Azər-Türk Bank"ın mənfəəti 2 dəfədən çox azalıb

Maliyyə
  • 21 aprel, 2022
  • 10:00
“Azər-Türk Bankın mənfəəti 2 dəfədən çox azalıb

“Azər-Türk Bank” ASC bu ilin I rübünü 226 min manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,3 dəfə azdır.

Yanvar-mart aylarında “Azər-Türk Bank”ın gəlirləri 9,695 milyon manat (illik müqayisədə 39,9% çox), xərcləri 9,798 milyon manat (55,6% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 330 min manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Azər-Türk Bank”ın aktivləri 439,272 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 32,9% çoxdur. Bunun 238,664 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 53,9% böyüyüb.

Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 39,2% artaraq 381,746 milyon manata, o cümlədən depozit portfeli 25,7% artaraq 201,127 milyon manata, balans kapitalı isə 2,1% artaraq 57,526 milyon manata çatıb.

Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.