“Azər-Türk Bank" I rübü mənfəətlə başa vurub
- 20 aprel, 2023
- 08:43
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azər-Türk Bank” ASC bu ilin I rübünü 3,079 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 226 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, yanvar-mart aylarında “Azər-Türk Bank”ın gəlirləri 20,863 milyon manat (illik müqayisədə 2,15 dəfə çox), xərcləri 16,017 milyon manat (63,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 966 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 800 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il aprelin 1-nə “Azər-Türk Bank”ın aktivləri 913,299 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur. Bunun 360,951 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 51,2 % böyüyüb.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 2,2 dəfə artaraq 840,505 milyon manata, o cümlədən depozit portfeli 97 % artaraq 396,145 milyon manata, balans kapitalı isə 26,5 % artaraq 72,794 milyon manata çatıb.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.