“Azər-Türk Bank" 9 ayı mənfəətlə başa vurub
- 21 oktyabr, 2022
- 10:03
“Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 3,079 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 729 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, 9 ay ərzində “Azər-Türk Bank”ın gəlirləri 44,501 milyon manat (illik müqayisədə 82,5 % çox), xərcləri 36,925 milyon manat (54,1 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,797 milyon manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri isə 700 min manat təşkil edib.
Bu il oktyabrın 1-nə “Azər-Türk Bank”ın aktivləri 844,194 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3 dəfə çoxdur. Bunun 297,641 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 51 % böyüyüb.
Hesabat dövründə “Azər-Türk Bank”ın öhdəlikləri 2,5 dəfə artaraq 783,068 milyon manata, o cümlədən depozit portfeli 85,5 % artaraq 323,691 milyon manata, balans kapitalı isə 7,2 % artaraq 61,126 milyon manata çatıb.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.