Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan bazarında fəaliyyət göstərən bəzi zəif bank təşkilatları Mərkazi Bankın (AMB) məcmu kapitalın minimumu ilə bağlı tələbinin yerinə yetirilməsində problemlə üzləşib. Lakin bu bankların məcmu aktivlərdə payı 1%-dir. "Report"un xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədri Elman Rüstəmov bildirib: "Əhali üçün onların heç bir təhlükəsi yoxdur. Ümumi bank aktivlərində payı 99% olan banklar isə bu tələbi yerinə yetirə biləcək. Yalnız 5-6 bank var ki, bu tələbi yerinə yetirməyib".
AMB sədrinin sözlərinə, bu bankların ikisi xarici kapitallıdır: "Onlarla individual rəftar edəcəyik. Həmin banklarla bağlı strategiyamızı müəyyən edəcəyik. Xarici kapitallı banklarla danışıqlar gedir və yəqin ki, onlar bu məsələ ilə bağlı tədbir görəcək. Bu banklar zəif , sistem əhəmiyyəti olmayan banklardır".
Qeyd edək ki, hazırda Azərbaycanda 43 bank təşkilatı fəaliyyət göstərir. Yanvarın 1-dək banklar məcmu kapitalını ən azı 50 mln. manata çatdırmalıdır.