“AXA Mbask” Sığorta Şirkəti ötən ili mənfəətlə başa vurub

“AXA Mbask” Sığorta Şirkəti ötən ili mənfəətlə başa vurub “AXA MBask” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 35,865 mln. manat təşkil edib.
Maliyyə
29 Mart , 2019 09:15
“AXA Mbask” Sığorta Şirkəti ötən ili mənfəətlə başa vurub

“AXA MBask” Sığorta Şirkəti ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 35,865 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,2% çoxdur.

2018-ci ildə “AXA Mbask”ın cəmi öhdəlikləri 14,5% azalaraq 12,967 mln. manata düşüb, cəmi kapitalı isə 23,1% artaraq 22,898 mln. manata, o cümlədən nizamnamə kapitalı 21,3% artaraq 23,934 mln. manata çatıb.

Ötən il “AXA Mbask”ın gəlirləri 23,558 mln. manat (əvvəlki ilə nisbətən 13,8% az), xərcləri 23,44 mln. manat (15,4% az), mənfəət vergisi ödəmələri isə 24 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib. Son nəticədə şirkət 2018-ci ili 95 min manat xalis mənfəətlə başa vurub. Halbuki maliyyə qurumu 2017-ci ildən 368 min manat zərərlə çıxmışdı.

Xatırladaq ki, “AXA-Mbask” 1992-ci ildə “Mbask” sığorta şirkəti kimi fəaliyyətə başlayıb, 2010-cu ildə əsas səhmdarının dəyişməsi ilə əlaqədar rebrendinq edib. Şirkətin səhmlərinə 100% sahib olan Fransanın AXA qrupunun İspaniyadakı törəmə cəmiyyəti olan “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” bir qədər əvvəl maliyyə qurumunu azərbaycanlı iş adamı, “Unibank” ASC-nin Müşahidə Şurasının üzvü Elxan Qəribliyə satmağa qərar verib. Tərəflər arasında ilkin razılaşma artıq imzalanıb.

Son xəbərlər

Orphus sistemi