“Assist Finance investisiya Şirkəti”nin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 11 mart, 2024
  • 15:15
“Assist Finance investisiya Şirkəti”nin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Sabah "Bakı Fond Birjası" QSC-də (BFB) “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin 50 050 manatlıq adi, adlı, sənədsiz səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 350 manat olan 143 ədəd səhm standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək.

Prosesin anderrayteri emitent özüdür. Qiymətli kağızlar tam yerləşdirilsə, investisiya şirkətinin nizamnamə kapitalı 14,3 % artaraq 350 000 manatdan 400 050 manata çatacaq.

Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti" 2018-ci ildən fəaliyyət göstərən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.