İpoteka və Kredit Zəmanət Fondu (İKZF) indiyənədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 000-ə yaxın müqavilə bağlayıb.
"Report" xəbər verir ki, bunu İKZF-in Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov Fondun kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim etdiyi yeni mənzillərlə tanışlıq məqsədilə Sumqayıt şəhəri Bulvar küçəsində yerləşən yaşayış kompleksinə təşkil olunmuş media-tur çərçivəsində bildirib.
Onun sözlərinə görə, dekabrın 3-dən etibarən kirayə mexanizm çərçivəsində Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində vətəndaşlara daha 549 tam təmirli mənzil təqdim ediləcək: "O cümlədən Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən yaşayış kompleksi üzrə 201 mənzil təklif olunur ki, bunlar da əsasən 2, 3 və 4 otaqlı yaşayış sahələridir. Kompleksdə mənzillərin aylıq ödənişləri 546 manatdan başlayır".
O qeyd edib ki, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən kompleksdə isə 1 və 2 otaqlı olmaqla 348 mənzil təklif olunur. Bu kompleks üzrə mənzillərin aylıq ödənişləri 448 manatdan başlayır: "Satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə müraciətlərin qəbulundan tutmuş mənzil seçiminə qədər bütün proses tam avtomatlaşdırılıb və Elektron Hökumət portalına inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir".
A. Zeynalov bildirib ki, təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik, məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərə yaxın ərazilərdə 2013-cü ildən sonra inşa edilmiş yaşayış komplekslərində yerləşir: "Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb".
O vurğulayıb ki, indiyənədək əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 14 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib:
"Ümumilikdə, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlarla 6 000-ə yaxın kirayə müqaviləsi bağlanılıb. Mexanizmdən yararlananların təxminən 70 %-i gənclərdir".