“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) dövriyyəyə buraxdığı “ASCO istiqrazları” üzrə ilk kupon ödənişinə 3 milyon ABŞ dolları yönəldib.
"Report" bu barədə ASCO-ya istinadən xəbər verir.
Ümumi dəyəri 100 milyon ABŞ dolları, hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan”ASCO istiqrazları” 5 illik müddətə tədavülə buraxılıb. İstiqrazlar üzrə faizlər 6 aydan bir ödənilməklə, illik 6 % gəlirliliklə emissiya edilib.
“ASCO istiqrazları”na abunə yazılışı 2022-ci ilin dekabrın 29-da başlayıb və 2023-cü ilin fevralın 28-dək davam edib.
İstiqrazlardan əldə olunan gəlir ASCO-nun Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsinə, eləcə də beynəlxalq hövzələrdə yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınmasına yönəldilib. Eyni zamanda, istiqrazlar ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub.