“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) bu ilin I yarısını 18,715 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında ASCO-nun əsas əməliyyat (satışdan) gəlirləri 277,687 milyon manat, satışının maya dəyəri 185,872 milyon manat, ümumi-inzibati xərcləri 31,717 milyon manat, sosial xərcləri 768 min manat, digər əməliyyat gəlirləri 10,96 milyon manat, digər əməliyyat xərcləri 34,859 milyon manat, əsas vəsaitinin silinməsi xərcləri 2,813 milyon manat, məzənnə fərqindən zərəri 758 min manat, maliyyə xərcləri 3,45 milyon manat, mənfəət vergisi ödəmələri isə 9,695 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə ASCO-nun aktivləri 1 milyard 540,612 milyon manat olub ki, bu da ilin əvvəlinə nisbətən 15,4 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2,1 dəfə artaraq 345,229 milyon manata, balans kapitalı isə 1,8 % artaraq 1 milyard 195,383 milyon manata çatıb.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.