ARDNF-in aktivləri 53 milyard dolları keçib

ARDNF-in aktivləri 53 milyard dolları keçib Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 9 % artaraq bu il aprelin 1-nə 53 437,6 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
18 Aprel , 2023 12:30
ARDNF-in aktivləri 53 milyard dolları keçib

Bu ilin I rübündə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 9 % artaraq bu il aprelin 1-nə 53 milyard 437,6 milyon ABŞ dolları təşkil edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 7 milyard 643,3 milyon manat, büdcə xərcləri isə 1 milyard 584,3 milyon manat təşkil edib.

Rüb ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 5 milyard 596 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 milyard 829,9 milyon manat, bonus ödənişlərindən 765,3 milyon manat, tranzitdən isə 0,8 milyon manat gəlir əldə edib. Qurumun vəsaitlərinin idarə olunmasından gəlirləri isə 2 047,3 milyon manat olub.

Hesabat dövründə ARDNF 2023-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 1 milyard 576 milyon manat vəsait transfert edib, "2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,2 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 2 milyon manat yönəldib, idarəetməyə isə 5,1 milyon manat xərcləyib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirləri isə 1 milyard 427,6 milyon manat təşkil edib.

"2022-ci ildə beynəlxalq maliyyə bazarlarında yaşanan volatillik 2023-cü ilin ilk 3 ayında da ARDNF-in investisiya portfelində müəyyən qədər müşahidə olunsa da, iqtisadi göstəricilərin tədricən yaxşılaşması fonunda bazarlarda nikbinliyin artması, eləcə də, faiz dərəcələrindəki artım tempinin tədricən azalması ilə cari ilin sonu üçün monetar siyasətdə yumşalma gözləntiləri ARDNF-in həm istiqraz, həm də səhm aktivlərinə müsbət töhfəsini verib. Eyni zamanda maliyyə sektorunda, xüsusilə ABŞ və İsveçrənin bank sektorlarında yaşanan böhranlar fonunda ARDNF-in istiqraz alt portfelinin keyfiyyətinin artırılması mümkün mənfi təsirlərdən yayınmağa imkan verməklə, diversifikasiya effekti hesabına mart ayında investisiya portfelinin gəlirliliyin artmasına təkan verib. Buna baxmayaraq inkişaf etmiş ölkələrin iqtisadi göstəricilərinin bəzilərində müsbət tendensiya müşahidə olunsa belə, mərkəzi bankların təyin etdiyi hədəf dərəcələrindən yüksək inflyasiyanın daha uzun müddətdə davam etməsi ehtimalları maliyyə aktivlərinin gəlirlilikləri ilə bağlı qeyri-müəyyənlikləri istisna etmir. İnvestisiya və büdcədənkənar gəlirlərin, həmçinin neft və qaz satışından əldə olunan daxilolmaların 3 ayın nəticələri üzrə proqnozları üstələməsi ARDNF-in aktivlərinin həcminin artmasında öz əksini tapıb", - deyə Fond bəyan edib.

Son xəbərlər

Orphus sistemi