“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ili mənfəətlə başa vurub
- 07 aprel, 2022
- 12:14
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2021-ci ili 498 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 203 min manat xalis zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Aqrar Sığorta"nın gəlirləri 1,2 milyon manat (əvvəlki ilə nisbətən 676,4 dəfə çox), xərcləri 628 min manat (3,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 74 min manat (23,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin aktivləri 2,868 milyon manat olub ki, bu da illik müqayisədə 43,9% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 41,1 dəfə artaraq 386 min manata, balans kapitalı isə 25,1% artaraq 2,482 milyon manata çatıb.
Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.