"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nə lisenziya verilib

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti"nə lisenziya verilib Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində növbəti mühüm addım atılıb.
Maliyyə
15 Oktyabr , 2020 09:38
Aqrar Sığorta Müştərək Sığorta Şirkətinə lisenziya verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-yə lisenziya verib.

Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondundan bildirilib.

Məlumatda həmçinin deyilir ki, yaxın günlərdə aqrar sığorta qaydalarının da qəbul edilməsi gözlənilir, bundan sonra aqrar sığorta sistemi işə düşəcək.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” bu ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirəcək. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərəcək.

Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı heyvanlarını və məhsullarını, əkin sahələrini, eləcə də balıqları sığortalamaq mümkün olacaq. İlkin mərhələdə südlük inək-camışların, 14 növ bitki üzrə əkin sahəsi və məhsulların sığortalanması nəzərdə tutulur. Gələcəkdə aqrar sığortanın əhatə etdiyi sığorta predmetlərinin və risklərin siyahısı genişləndiriləcək.

Son xəbərlər

Orphus sistemi