Prezident İlham Əliyevin 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı, bu il oktyabrın 1-dən real vaxt rejimində istismara verdiyi Ani Ödənişlər Sisteminə (AÖS) daha 2 bank qoşulub.
"Report" xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, “Azər-Türk Bank” və “Turan Bank” ASC-lər filial şəbəkəsi vasitəsilə müştərilərinə AÖS-ün funksionallıqlarından istifadə imkanı təqdim edib. Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb.
Hazırda 15 bank və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunub. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.