"Amrahbank"ın yeni səhm emissiyası baş tutmayıb - YENİLƏNİB

"Amrahbank"ın yeni səhm emissiyası baş tutmayıb - YENİLƏNİB Bununla bağlı Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat yayıb
Maliyyə
102
14 Dekabr , 2015 17:40
Amrahbankın yeni səhm emissiyası baş tutmayıb - YENİLƏNİB

İlk xəbər saat 16:28-də verilib

Bakı. 14 dekabr. REPORT.AZ/ “Amrahbank” ASC-nin yeni səhm emissiyası baş tutmayıb. "Report"un Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) istinadən verdiyi xəbərə görə, bankın hər birinin nominal dəyəri 100 manat olan 43 165 ədəd (4 316,5 min manat) adi səhmlərinin buraxılışı Komitə tərəfindən fevralın 17-də dövlət qeydiyyatına alınıb. Komitədən bildiriblər ki, yerləşdirmə üçün müddət bitdiyindən səhmlərin buraxılışı baş tutmamış hesab edilib.

Bildirək ki, səhm buraxılışının 50%-dən az miqdarda səhmlər yerləşdirildikdə səhmlərin emissiyası QKDK tərəfindən baş tutmamış hesab edilir. Həmçinin, pozuntular aradan qaldırılmadıqda səhm emissiyası baş tutmamış hesab olunur. Səhmlərin emissiyasının dayandırılması haqqında bildiriş alındıqdan dərhal sonra emitent KİV ilə bu barədə məlumat verməli və səhmlərin emissiyası zamanı yol verilmiş pozuntuların 15 iş gün müddətində aradan qaldırılmasını təmin etməlidir. 

***

"Amrahbank" ASC-dən "Report"a bildirilib ki, emissiyanın baş tutmaması səhmlərin alınmaması ilə bağlı deyil və birbaşa bankın öz qərarıdır. Belə ki, ilk əvvəl bank səhm buraxılışına qərar versə də, daha sonra qərarını dəyişərək səhm emissiyasından imtina edib.

"Amrahbank"dan bildirilib ki, bank ilk öncə səhm emissiyası ilə nizamnamə və məcmu kapitalını artırmaq fikrində olsa da, daha sonra bunu bölüşdürülməmiş mənfəət hesabına həyata keçirmək qərarına gəlib: "Hazırda bankın məcmu kapitalı Mərkəzi Bankın tələbinə tam cavab verir və 50 mln. manat təşkil edir".

Son xəbərlər

Orphus sistemi