"AmCham": Ödəmə mədəniyyətinin pisləşməsi həm iqtisadiyyata, həm də cəmiyyətə ziyan vuracaq

"AmCham": Ödəmə mədəniyyətinin pisləşməsi həm iqtisadiyyata, həm də cəmiyyətə ziyan vuracaq Hazırda müştərilərin mövcud məlumatlarının işlənməsinin uzun müddət çəkməsi onların paralel kreditlər almasına səbəb olur
Maliyyə
19 Noyabr , 2016 10:37
AmCham: Ödəmə mədəniyyətinin pisləşməsi həm iqtisadiyyata, həm də cəmiyyətə ziyan vuracaq

Bakı. 19 noyabr. REPORT.AZ/ “Bu gün Azərbaycanda bank sisteminin kreditvermə mexanizmi ilə borcların toplanması üzrə məhkəmə prosesləri arasında ciddi boşluq mövcuddur. Kreditvermə təcrübələrinin çox vaxt beynəlxalq təcrübəyə (kreditlərin cəmi bir həftəyə rəsmiləşdirilməsi) uyğun gəlməsinə baxmayaraq, məhkəmənin kreditorun hüquqlarından istifadəsi ilə bağlı işlər adətən bir il və daha çox müddət çəkir”. “Report” xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") hazırladığı “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” (“Ağ sənəd – White paper”) adlı sənəddə, Kredit Bürosunun genişləndirilməsi və Borc Toplanmasının Yaxşılaşdırılması ilə bağlı tövsiyələrində bildirilir. 

"AmCham"ın ölkə prezidentinə təqdim etdiyi sənəddə deyilir ki, hazırda müştərilərin mövcud məlumatlarının işlənməsinin uzun müddət çəkməsi onların paralel kreditlər almasına səbəb olur: "İstintaq təcrübəsinin olmaması, eləcə də məhkəmə sistemində hüquqi baxımdan boşluqların olması çox vaxt bank sektoru üçün itkilərlə nəticələnir və cəmiyyətin ödəmə mədəniyyətinin pisləşməsinə gətirib çıxarır. Uzun müddətdə, bu həm iqtisadiyyata, həm də cəmiyyətə ziyan vuracaq. Buna görə də, biz kreditorlara kömək etmək məqsədilə və kredit götürülmüş vəsaitlərin ödəməmə hallarını və gec ödənilməsi hallarını azaltmaq üçün bir sıra tədbirləri tövsiyə edirik.

Həm banklar, həm də qeyri-bank təşkilatlarının potensial borcalanlar barədə məlumatı dərhal və onlayn qaydada əldə edə bilmələri üçün mövcud Kredit Bürosunun genişləndirilməsi üçün alətlərin işlənib hazırlanması lazımdır. Hazırda müştərilərin mövcud məlumatlarının işlənməsi bir həftə çəkir və bu da potensial olaraq müştəri üçün çoxsaylı yeni kreditlərlə nəticələnir".

"AmCham" hesab edir ki, məhkəmə işinin hər bir məhkəmə instansiyası üçün maksimum 15 günə məhdudlaşdırılması üçün sərt qanunlar tətbiq edilməlidir. Poçtla göndərilən qərarlarla bağlı gecikmələrə yol verməmək üçün yekun qətnamənin çatdırılması vaxtına qənaət etməyə imkan verəcək daha sürətli bildiriş metodları olmalıdır: "Məsələn, qərar iştirakçılara elektron poçt vasitəsilə, yaxud da kuryer vasitəsilə çatdırıla bilər. Müvafiq tərəflərə elektron məlumatın ötürülməsi üçün e-hökumət imkanları da əlbəttə ki, artırıla bilər”.

Qeyd edək ki, "White paper" Azərbaycanda gömrük, vergi, bank sektoru, miqrasiya sahələrində islahatların aparılması ilə bağlı təkliflər paketidir. Həmin təkliflərin bir çoxu artıq qəbul edilərək tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi