AMB: Sterilizasiya əməliyyatları üzrə portfel genişlənə bilər

Maliyyə
  • 03 fevral, 2018
  • 11:14
AMB: Sterilizasiya əməliyyatları üzrə portfel genişlənə bilər

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq və pul siyasəti hədəflərinə nail olmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarını aktiv saxlayacaq. Alətlərdən istifadə bank sistemindəki likvidlik vəziyyətindən asılı olacaq. Struktur likvidlik profisiti olduğu təqdirdə Mərkəzi Bankın sterilizasiya əməliyyatları üzrə portfeli genişlənə bilər.

“Report”un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov ilin yekunları ilə bağlı iclasda çıxışı zamanı bildirib.

"Pul siyasəti hədəflərinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı alətlərdən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək", - deyə baş bankir əlavə edib.

O qeyd edib ki, faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

"Siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcək. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcək. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcək", - deyə E.Rüstəmov bildirib.

Sədrin sözlərinə görə, AMB-nin vacib funksional fəaliyyət istiqamətlərindən olan nağd pul sferası üzrə 2018-ci ildə tədavüldə nağd pulun strukturunun optimallaşdırılması, pul nişanlarının mühafizə sistemlərinin gücləndirilməsi və bütövlükdə nağd pul idarə edilməsi sistemlərinin effektivliyinin artırılması və avtomatlaşma səviyyəsinin daha da yüksəldilməsi diqqət mərkəzində olacaq.