AMB sədri: "Ardıcıl iki ildir Azərbaycanda inflyasiyanı xarici amillər müəyyən edir"

Maliyyə
  • 20 oktyabr, 2021
  • 09:34
AMB sədri: Ardıcıl iki ildir Azərbaycanda inflyasiyanı xarici amillər müəyyən edir

Ölkəmizdəki inflyasiya idxalla, əsasən ərzaq idxalı ilə bağlıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesablamalarına görə, ardıcıl 2 ildir bu idxal səviyyəsi 30%-dən çoxdur.

Bunu “Report”a Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov cari və növbəti il üçün inflyasiya proqnozlarının mümkün yenidən baxılması haqqında sualı cavablandırarkən deyib.

“Bildiyiniz kimi, bunu səbəbi bir tərəfdən, COVID-19 pandemiyası və qlobal tədarük zəncirinin qırılması və təbii ki, bunun nəticəsi olaraq, xammal və logistika xidmətlərinin bahalaşması ilə bağlıdır. Nəticədə, dünya üzrə ərzaq təklifi azalıb və bununla da, inflyasiya baş verir. Digər tərəfdən, iqtisadiyyatın bərpası tələbin artmasına səbəb olur. Nəticədə, bütün bu proseslər bir nöqtəyə vurur, xarici amillər Azərbaycanda inflyasiyanın artmasına səbəb olur", - o vurğulayıb.

E.Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank qonşu ölkələr və əsas ticarət tərəfdaşlarımız üzrə inflyasiyanı qiymətləndirib: “Deyə bilərəm ki, hər yerdə vəziyyət belədir. Buna görə də, bu vəziyyətin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətindir, belə ki, o, xarici amillərdən asılıdır. Əlbəttə, tarif və qiymətlərin liberallaşdırılması inflyasiya proseslərinə təsir etməkdə davam edəcək, lakin bu, həlledici amil deyil. Biz, təbii ki, vəziyyəti izləməkdə davam edəcəyik”.

Mərkəzi Bankının sədri deyib ki, ilin sonunadək Azərbaycanda inflyasiyanın 4%-dən bir qədər çox olacağı gözlənilir: “Görək, ilin sonunadək nə olacaq. Biz təhlilimizi tamamlamaq üzrəyik. Onu komitənin iclasına təqdim edəcəyik”.