Azərbaycan Mərkəzi Bankının (AMB) bank olmayan kredit təşkilatlarına (BOKT) qarşı risk menecmenti ilə bağlı tələbləri dəyişəcək.
"Report" xəbər verir ki, bunu AMB-nin Baş direktoru Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
"BOKT-lara dair qanunvericilikdə edilmiş dəyişikliklərdən irəli gələrək AMB-nin risk menecmentlə bağlı tələblərində dəyişikliklər gözlənilir. Bu məqsədlə prudensial tənzimləmə qaydalarının yenilənməsi üzərində iş aparılır", - deyə o qeyd edib.
Bundan başqa, AMB rəsmisinin sözlərinə görə, Azərbaycanda BOKT-lar və ümumilikdə mikromaliyyə sektoru üçün informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tələblər müəyyənləşdirilib: "Bu məsələ növbəti illərdə bizim hədəf diapazonumuzda olacaq, yəni nəzarət və tənzimləmə tədbirləri hədəflənir".
T.Əliyev həmçinin deyib ki, AMB BOKT-larda kredit risklərinin idarə edilməsi üzrə yeni qaydalar hazırlayıb: "Qaydalar həm "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyi, həm də BOKT-larla müzakirə edilib, rəy və təkliflər əldə olunub. Bu yaxınlarda həmin sənədin qəbul edilməsi gözlənilir".
O vurğulayıb ki, sektorun institusional potensialının gücləndirilməsi də əsas hədəflərdən biridir: “Bu çərçivədə korporativ idarəetmə tələbələrinin sərtləşdirilməsi, kənar auditə dair tələblərin təkmilləşdirilməsi istiqamətində tənzimləyici fəaliyyət həyata keçirilməkdədir".