Azərbaycan Mərkəzi Bankının (AMB) əsas prioritetlərindən biri bazar iştirakçılarının hüquqlarının qorunması, bərabər şərtlərin təmin edilməsi və sağlam rəqabət mühitinin yaradılmasıdır.
“Report” xəbər verir ki, bunu AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Səbziyev Bakıda keçirilən “Turan E-ticarət və E-İxracat Forumu”nda deyib.
"Mərkəzi Bank olaraq bu istiqamətdə üzərimizə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirməyə çalışırıq. Qısa zamanda bu səylərin nəticələrini bazar iştirakçıları da müşahidə edəcək”, - deyə F. Səbziyev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda hazırda 20-dən çox ödəniş xidməti təchizatçısı lisenziya alaraq sistemə qoşulub və fəaliyyətini davam etdirir.
O bildirib ki, fintexlərin və digər ödəniş xidməti təchizatçılarının sistemlərə inteqrasiyası uğurla həyata keçirilir və bu proses Mərkəzi Bankın strateji yanaşmasına uyğun şəkildə icra olunur.
“Onların fəaliyyətini tənzimləmək, bazarın tələblərinə uyğun yeni məhsul və xidmətlər təqdim etmələrini təmin etmək üçün xüsusi tənzimləmə rejimi tətbiq etmişik. Bu rejim çərçivəsində Mərkəzi Bank yeni təşkilatların sistemə qoşulmasını və bazarda fəaliyyətini dəstəkləməklə yanaşı, onların inkişafını və məhsul çeşidlərinin genişlənməsini təşviq edir”, - deyə F.Səbziyev qeyd edib.
O, həmçinin elektron ticarət və ödəniş əməliyyatları sahəsində beynəlxalq təcrübənin Azərbaycan üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.