2021-ci ilin dekabr ayında Almaniyada illik inflyasiya 5,3% təşkil edib.
Bu barədə "Report"un Avropa bürosuna qiymət artımı ilə bağlı hesablamalar aparan “DekaBank”dan bildirilib.
Məlumata görə, ötən ay illik inflyasiya noyabr ayı ilə müqayisədə 0,1 faiz bəndi də artıb.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, bu, 1992-ci ildən bəri müşahidə edilən ən böyük illik inflyasiyadır. Almaniya tarixində qiymət artımının illik səviyyəsinin rekord həddi isə 7,6% olmaqla 1951-ci ildə qeydə alınıb.
5,3%-lik illik inflyasiya ölkədə “qiymət artımı şoku”na səbəb olub. Ötən ay enerji qiymətlərində 18,3%, qida məhsulları qiymətlərində 6%, xidmət qiymətlərində isə 3,1% artım müşahidə edilib.
Almaniyanın ayrı-ayrı bölgələri arasında Bradenburq illik inflyasiyanın ən yüksək (3,6 %), Berlin isə (2,8 %) ən aşağı olduğu federal əyalətlərdir.
“DekaBank”ın baş iqtisadçısı Ulrix Kater mətbuata açıqlamasında bildirib ki, hökumət təcili tədbirlər görməsə, bu, həll edilə bilməyən problemləri artıracaq.
Ölkədə gündəlik nəşr olunan “Bild” qəzeti isə, hökumətin inflyasiyanın sürətlənməsində aciz qaldığını manşetinə daşıyıb.