Alim Quliyev: “Kart əməliyyatlarında nağdsız hesablaşmaların payı artıb”

Alim Quliyev: “Kart əməliyyatlarında nağdsız hesablaşmaların payı artıb” “IV sənaye inqilabı maliyyə sektorunda göstərilən xidmətlərə köklü təsir göstərib”.
Maliyyə
28 Yanvar , 2021 10:30
Alim Quliyev: “Kart əməliyyatlarında nağdsız hesablaşmaların payı artıb”

“IV sənaye inqilabı maliyyə sektorunda göstərilən xidmətlərə köklü təsir göstərib”.

“Report” xəbər verir ki, bunu onlayn keçirilən Maliyyə və Texnologiyalar Sammitində (“Fintex Summit”) Azərbaycan Mərkəzi Bankınıb (AMB) sədrinin I müavini Alim Quliyev deyib.

Bundan başqa, onun sözlərinə görə, koronavirus pandemiyası rəqəmsallaşmaya və innovasiyalara tələbatı daha da artırıb: “Pandemiya elektron ödənişlərə müsbət təsir edib. Belə ki, EY şirkətinin araşdırmasına görə, 2020-ci ilin ilk 8 ayında Avropa ölkələri üzrə təmassız ödənişlər 2,5 dəfə, mobil bankçılıq üçün qeydiyyatdan keçmiş müştərilərin sayı 3 dəfə, mobil bankçılıqdan istifadə üçün internet trafiki 85% artıb. Həmçinin B2B ödənişləri üzrə istifadəçilərin təxminən 60%-i elektron ödənişlərdən istifadəyə başlayıb. "Makkenzi" təşkilatının apardığı araşdırmalara görə isə, 2020-ci ilin ilk 6 ayında bankomatlardan istifadə 47% azalıb. Ani ödənişlər sistemlərindən istifadə isə 10% artıb”.

AMB rəsmisi pandemiyanın Azərbaycan bank sektoruna da təsirini şərh edib: “Pandemiya dövründə Azərbaycanda da rəqəmsallaşma səviyyəsi əhəmiyyətli artıb, innovativ ödənişlərdə göstəricilər kəskin yüksəlib. Belə ki, ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 34%, elektron ticarət əməliyyatlarının sayı 56%, həcmi isə 23% artıb. Əlbəttə, bu göstəricilər AMB-nin bank sektoru və digər qurumlarla birlikdə Azərbaycanda rəqəmsal ödənişlərdən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirdiyi silsilə tədbirlərin məntiqi nəticəsidir. Ötən il biz ani ödənişlər sistemini və QR ödənişləri təqdim etdik. AMB üçün cari ildə əsas məqsəd QR və NFC ödənişləri genişləndirməkdir”.

A.Quliyev təmsil etdiyi qurumun hazırladığı yeni qanun layihəsi barədə də danışıb: "Hökumətə göndərdiyimiz yeni qanun layihəsi bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş xidməti bazarına daxil olması üçün hüquqi əsaslar yaradır”.

Son xəbərlər

Orphus sistemi