Asiya İnkişaf Bankı (ADB) yaxın 10 il ərzində maliyyələşdirmə üçün 100 milyard ABŞ dolları yönəldə bilər.
“Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu ABŞ maliyyə nazirinin beynəlxalq bazarlar və inkişaf üzrə köməkçisi Aleksiya Latortyu Bankın Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 57-ci illik toplantısı çərçivəsində “ADB-nin təkamülü ilə bağlı yol xəritəsi: Strategiya 2030-un yenilməsi” mövzusunda tədbirdə çıxışı zamanı deyib.
“Bu, kreditləşmə imkanlarının 40 % artması deməkdir. Amma söhbət təkcə bundan getmir. Belə ki, ADB iqlim dəyişikliyi ilə mübarizəyə daha çox maliyyə vəsaiti cəlb etmək üçün zəmanətli platformalardan istifadəni nəzərə alaraq innovativ maliyyələşdirmə mexanizmlərindən istifadədə xüsusilə fəaldır”, - A. Latortyu deyib.
Onun sözlərinə görə, ADB-nin iqlimlə bağlı fəaliyyət planı var: “ADB-nin iqlim dəyişikliyi üzrə göstəricisinin rekord həddə - 9,5 milyard ABŞ dollarına çatdığını görürük”.