“AFB Bank” mənfəətini kəskin artırıb

Maliyyə
  • 25 oktyabr, 2021
  • 12:59
“AFB Bank” mənfəətini kəskin artırıb

“AFB Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 8,676 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,9 dəfə çoxdur.

9 ay ərzində “AFB Bank”ın gəlirləri 18,644 milyon manat (illik müqayisədə 30% az), xərcləri 12,173 milyon manat (13,7% az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 2,205 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “AFB Bank”ın aktivləri 273,072 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 50,2% və yaxud 2 dəfə azdır. Bunun 112,218 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 71,1% kiçilib.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 60,1% azalaraq 187,218 milyon manata, o cümlədən depozit portfeli 63,4% azalaraq 113,703 milyon manata düşüb, balans kapitalı 9,1% artaraq 85,854 milyon manata çatıb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Bütün Xəbər Lenti