"AFB Bank"ın xalis mənfəəti 40 % azalıb
- 16 yanvar, 2025
- 05:37
Yeniliklərdən dərhal xəbərdar olun!
“AFB Bank” ASC 2024-cü ili 4,578 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 40,2 % azdır.
Ötən il "AFB Bank”ın gəlirləri 31,64 milyon manat (illik müqayisədə 4,3 % çox), xərcləri 26,42 milyon manat (11,3 % çox), xüsusi ehtiyatlara ayırmaları 148 min manat (1 il bundan əvvəl qənaət edib), mənfəət vergisi ödəmələri 493 min manat (80,1 % və yaxud 5 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 295,167 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,7 % azdır. Bunun 171,133 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,6 % böyüyüb.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 12,8 % azalaraq 217,951 milyon manata, o cümlədən depozit portfeli 21 % azalaraq 132,983 milyon manata, balans kapitalı isə 4,3 % azalaraq 77,216 milyon manata düşüb.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Toğrul Ülvi oğlu Hacıyevə məxsusdur.