“AFB Bank”ın xalis mənfəəti 14 % azalıb

“AFB Bank”ın xalis mənfəəti 14 % azalıb “AFB Bank” ASC 2020-ci ili 5,389 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
29 Yanvar , 2021 17:38
“AFB Bank”ın xalis mənfəəti 14 % azalıb

“AFB Bank” ASC 2020-ci ili 5,389 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 13,7 % azdır.

Ötən il “AFB Bank”ın gəlirləri 35,159 milyon manat (illik müqayisədə 12,7 % az), xərcləri 20,475 milyon manat (12 % az), xüsusi ehtiyatlara ayırmaları 7,996 milyon manat ( 17,1 % az), mənfəət vergisi ödəmələri isə 1,299 milyon manat (18,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “AFB Bank”ın aktivləri 281,427 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 51 % azdır. Bunun 137,996 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 57,2 % kiçilib.

Hesabat dövründə “AFB Bank”nın öhdəlikləri 58,7 % azalaraq 204,341 milyon manata, o cümlədən depozit portfeli 70,9 % azalaraq 110,569 milyon manata, balans kapitalı isə 4,2 % azalaraq 77,086 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi