"AFB Bank"ın Müşahidə Şurasının sədri dəyişib
- 04 fevral, 2025
- 05:42
Yeniliklərdən dərhal xəbərdar olun!
"AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri Elnur Qurbanov vəzifəsindən azad edilərək Şuranın müstəqil üzvü təyin olunub.
"Report" Banka istinadən xəbər verir ki, bu barədə qərar kredit təşkilatının səhmdarlarının növbəti ümumi yığıncağında qəbul edilib.
Qərara əsasən, Şuraya rəhbərlik Vüsal Şahverdiyevə həvalə olunub. O, indiyə qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-də rəhbər vəzifədə çalışıb.
Bundan başqa, səhmdarların qərarı ilə indiyə qədər Şuranın müstəqil üzvü olan Viladi Maniyev də vəzifəsindən kənarlaşdırılıb. O, həm də "Azsığorta" ASC-nin Direktorlar Şurasının sədridir.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Toğrul Ülvi oğlu Hacıyevə məxsusdur.