“AFB Bank”ın mənfəəti 37 % azalıb

Maliyyə
  • 24 iyul, 2023
  • 10:40
“AFB Bank”ın mənfəəti 37 % azalıb

“AFB Bank” ASC bu ilin I yarısını 5,495 milyon manat mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 36,6 % azdır.

Yanvar-iyun aylarında "AFB Bank”ın gəlirləri 14,189 milyon manat (illik müqayisədə 6,5 % çox), xərcləri 10,935 milyon manat (27,6 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2,24 milyon manat (42,9 % az) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “AFB Bank”ın aktivləri 294,863 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,1 % çoxdur. Bunun 148,832 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 13,1 % böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 16,2 % artaraq 217,009 milyon manata, o cümlədən depozit portfeli 18,4 % artaraq 127,027 milyon manata çatıb, balans kapitalı isə 3,8 % azalaraq 77,855 milyon manata düşüb.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.