"AFB Bank"ın depozit portfeli azalıb

Maliyyə
  • 15 aprel, 2025
  • 15:49
AFB Bankın depozit portfeli azalıb

“AFB Bank” ASC bu ilin I rübünü 2,322 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 457 min manat zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, yanvar-mart aylarında "AFB Bank”ın gəlirləri 7,835 milyon manat (illik müqayisədə 3,2 % az), xərcləri 6,747 milyon manat (19% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 1,234 milyon manat (1 il bundan əvvəl ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “AFB Bank”ın aktivləri 299,585 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1 % çoxdur. Bunun 174,532 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 10,6 % böyüyüb.

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 4,6 % artaraq 220,052 milyon manat, o cümlədən depozit portfeli 0,2 % azalaraq 130,765 milyon manat, balans kapitalı isə 0,9 % azalaraq 79,533 milyon manat olub.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

44 filmi