Asiya İnkişaf Bankı (ADB) 2023-cü ildə Asiya-Sakit Okean regionun davamlı inkişafında irəliləyiş əldə etməyə dəstək olmaq üçün 23,6 milyard ABŞ dolları, o cümlədən iqlim dəyişikliyi ilə mübarizəyə 9,8 milyard ABŞ dolları ayırıb.
“Report” ADB-yə istinadən xəbər verir ki, bu rəqəmlər bankın 2023-cü il üzrə illik hesabatında qeyd olunub. Hesabatda ADB-nin inkişaf etməkdə olan üzv ölkələrə digər çətinliklərlə yanaşı, kəskinləşən iqlim böhranı, o cümlədən münaqişələrin, qida təhlükəsizliyində çatışmazlıqların və artan borc yüklərinin təsirlərini aradan qaldırmaq üçün göstərdiyi dəstək yer alıb.
ADB prezidenti Masatsuqu Asakava bildirib ki, ADB Asiya və Sakit Okean regionun iqlim bankı kimi səylərini davam etdirib: “Ötən il iqlim dəyişikliyinin təsirləri ilə mübarizəyə dair maliyyələşdirməmiz rekord həddə çatıb. İqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərinin minimallaşdırılması üçün investisiyalarımız iqlimə davamlı kənd təsərrüfatı, bərpa olunan enerji və aşağı karbon tullantılı nəqliyyata yönəldilib”.
Hökumətlərə və özəl sektora kreditlər, qrantlar, səhm investisiyaları, zəmanətlər və texniki yardım vasitəsilə 23 milyard ABŞ dolları ayrılıb. Öz resurslarından əlavə ADB güclü tərəfdaşlıqları vasitəsilə müştərək maliyyələşdirmə üçün əlavə 16,4 milyard ABŞ dolları vəsait cəlb edib.
ADB davamlı inkişaf üçün zəruri olan yüksək keyfiyyətli enerji, nəqliyyat və digər infrastrukturların qurulmasına investisiyalar ayırıb. O, təhsil və səhiyyəyə dəstəyini artırmaqla regionun insan kapitalını daha da gücləndirib.
Gender bərabərsizliyinin aradan qaldırılması bankın fəaliyyəti üçün əsas məsələlərdən bir olaraq qalır. Bankın 2023-cü ildəki demək olar ki, bütün əməliyyatları iqlim dəyişikliyinin gender üzrə qeyri-bərabər təsirlərinin yumşaldılmasına dəstək də daxil olmaqla, bu sahə üzrə mövcud çatışmazlıqların azaldılmasına töhfə verib.
Hesabatda ADB-nin öz fəaliyyətlərini daha da təkmilləşdirərək regionun Dayanıqlı İnkişaf Məqsədlərinə daha tez nail olması üçün necə dəstək olduğu qeyd olunub. 2023-cü ildə təqdim olunan kapitalın idarəedilməsi üzrə əsas islahatlar növbəti on il ərzində 100 milyard ABŞ dolları məbləğində yeni kreditləşdirmə imkanları yaradaraq bankın gələcək kredit əməliyyatlarını gücləndirəcək. ADB, həmçinin 2023-cü ildə bankın müştərilərinə göstərdiyi xidməti daha da təkmilləşdirməyə təkan verən yeni əməliyyat modelinə keçid edib.
“Yeni əməliyyat modelimiz ADB-yə inkişaf etməkdə olan üzv ölkələrə daha yaxşı, daha sürətli və daha fərdi dəstək göstərmək üçün lazım olan əsas dəyişiklikləri həyata keçirməyə imkan verir”, - deyə M. Asakava vurğulayıb.
ADB firavan, inklüziv, dəyişikliklərə uyğunlaşa bilən və dayanıqlı Asiya və Sakit Okean regionuna nail olmaq öhdəliyinə sadiqdir, eyni zamanda ifrat yoxsulluğun aradan qaldırılması üçün səylərini davam etdirir.
Qeyd edək ki, ADB 1966-cı ildə yaradılıb, 49-u regiondan olmaqla bankın 68 üzvü onun səhmdarlarıdır.