Bu il Azərbaycanda ÜDM-in artım tempi bankın proqnozundan əhəmiyyətli dərəcədə yüksəkdir.
Bu barədə “Report” Asiya İnkişaf Bankının (ADB) "Asian Development Outlook 2024" icmalının dekabr sayına istinadən xəbər verir.
İcmala əsasən, ADB Qafqaz və Mərkəzi Asiya regionunda cari il üçün iqtisadi artım proqnozunu sentyabr ayına olan 4,7 %-dən 4,9 %-ə yüksəldib. 2025-ci ildə Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım sentyabr ayındakı 5,2 %-ə qarşı 5,3 % səviyyəsində qiymətləndirilir.
"Proqnoza edilən dəyişiklik Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistanda ÜDM artımının ADB-nin gözlədiyindən daha yüksək olduğunu əks etdirir. Azərbaycan iqtisadiyyatı bu ilin 9 ayında 4,7 % artıb", - icmalda qeyd olunur.
Eyni zamanda, ADB Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistanda inflyasiya ilə bağlı proqnozları dəyişməz saxlayıb.
Qeyd edək ki, sentyabrda ADB cari il üçün Azərbaycanda ÜDM artımını 2,7 %, gələn il üçün isə 2,6 % səviyyəsində proqnozlaşdırıb.