ADB Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyə resurslarına olan tələbini qiymətləndirib

ADB Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyə resurslarına olan tələbini qiymətləndirib Azərbaycanda kiçik və orta sahibkarlığın (KOB) maliyyə resurslarına olan tələbi 6,8 milyard ABŞ dollarından çox məbləğdə qiymətləndirilir.
Maliyyə
6 İyun , 2023 17:13
ADB Azərbaycanda kiçik və orta sahibkarlığın maliyyə resurslarına olan tələbini qiymətləndirib

Azərbaycanda kiçik və orta sahibkarlığın (KOB) maliyyə resurslarına olan tələbi 6,8 milyard ABŞ dollarından çox məbləğdə qiymətləndirilir.

Bunu "Report" Asiya İnkişaf Bankına (ADB) istinadən xəbər verir. Məlumata görə, mikro, kiçik və orta sahibkarlıq (MKOS) iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdiyi üçün məşğulluğun əhəmiyyətli hissəsini təmin etməklə ÜDM-ə mühüm töhfə verir.

"Azərbaycanda iqtisadi fəal əhalinin üçdə ikisindən çoxu və qadınların 75 %-dən çoxu MKOS-larda çalışır. Bununla belə, iqtisadi və sosial əhəmiyyətinə baxmayaraq, banklardan kredit almaq imkanları daha az olduğundan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışı məhdud olaraq qalır”, - ADB qeyd edir.

Bildirilir ki, 2020-ci ildə ölkədə ümumi müəssisələrin 99,7 %-ni təşkil edən kiçik və orta sahibkarlıq subyektlərinin əhəmiyyətli hissəsi (ümumi MKOS-ların 43 %-i) kənd yerlərində fəaliyyət göstərib.

Bununla yanaşı, 226 min qadın sahibkar ölkədə qeydiyyatda olan bütün sahibkarların 21 %-ni təşkil edir. 2022-ci ildə qadın sahibkarların 38,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində fəaliyyət göstərib.

"Lakin onların maliyyə resurslarına çıxış imkanları problem olaraq qalır. Qadınlar maliyyə savadlılığı, sığorta xidmətlərindən istifadə və bank hesabına sahib olma baxımından kişilərdən daha çətin maliyyə vəziyyətindədirlər. Maliyyə resurslarına çıxışın məhdud olması da qadınların biznesin yaradılmasında və ya genişləndirilməsində üzləşdiyi maneədir. Qadınlar maliyyə qurumlarından maliyyə vəsaiti alanların yalnız dörddə birini təşkil edir.

Bu, qismən qadınlar arasında əmlaka sahiblik səviyyəsinin aşağı olması ilə əlaqədardır ki, bu da onların girovla kredit əldə etmək imkanlarını məhdudlaşdırır. Qadınlara maliyyə xidmətlərinin xərcləri və üstünlükləri barədə obyektiv məlumatların təqdim edilməsi onlar üçün maliyyə əlçatanlığını yaxşılaşdırmağa kömək edəcək”, - ADB bildirib.

Son xəbərlər

Orphus sistemi