Azərbaycanda artımın ölkə daxili və xarici tələbatın yüksəlməsi ilə bu il bərpa olunaraq 1,9 %, 2022-ci ildə isə 2,5 % təşkil etməsi proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) “Asian Development Outlook” hesabatının "Financing a green and inclusive recovery" adlı aprel sayında bildirilir.
Sənədə əsasən, istehlakçı əminliyinin bərpa olunması və neft gəlirlərinin dövlət investisiyaları üçün əlçatar olması ilə, neft sektorunda artımın iqtisadiyyatın qalan hissəsinin inkişafından geridə qalması proqnozlaşdırılır. Azərbaycan COVID-19 peyvəndi üçün müxtəlif təchizat mənbələrinə malikdir, artıq peyvəndləşdirməni başlayıb və bu ilin sonuna qədər əhalinin 20 %-nin peyvəndləşdirilməsi gözlənilir.
“Təklif sahəsində, sənaye sektorunda bu il 2,1 % və gələn il isə 2,9 % artımın baş verməsi və bu artımda qaz hasilatının artmasının və tikinti sektorunun yenidən canlanmasının aparıcı qüvvə olması proqnozlaşdırılır. Dövlət dəstəyi və fermerlərin maliyyə vəsaitinə daha asan çıxış əldə edə bilməsi, o cümlədən istehsal məsrəflərinin azalması üçün yeni subsidiyanın verilməsi hesabına kənd təsərrüfatının hər iki ildə 3,5 % səviyyəsində artım nümayiş etdirməsi gözlənilir. Hökumətin Azərbaycanla Ermənistan arasında münaqişədən zərər çəkmiş ərazilərin yenidən qurulması ilə bağlı planları 2021 və 2022-ci ildə tikintiyə ciddi təkan verəcək. Pərakəndə ticarət və turizmin yenidən canlanması nəticəsində 2021-ci ildə xidmətlərdə 2,8 % və 2022-ci ildə 4 % artımın baş verməsi gözlənilir.
Tələbatda əmək haqları və dövlət xərclərinin artmasının ev təsərrüfatının gəlirlərinə güclü müsbət təsir göstərməsi nəticəsində istehlakın bu il 2,1 % və gələn il 2,5 % artması gözlənilir. COVID-19 ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması və hökumət tərəfindən özəl şirkətlərə davamlı dəstəyin verilməsi fərdi istehlakı artıracaqdır. Xüsusilə 2021-ci ildə, xərclərin artması hökumətin istehlakını artıracaq, lakin gəlirlərin artması hökumətə dövlət investisiyalarını artırmağa imkan verəcək və özəl investisiyalar, eyni zamanda, makroiqtisadi perspektivləri yaxşılaşdıracaqdır”, - hesabatda bildirilib.