"AccessBank" bir çox maliyyə göstəricilərinə görə Azərbaycanın aparıcı maliyyə institutlarından biridir. Fəaliyyətə başladığı gündən etibarən bank mikro və aqrokreditlərin maliyyələşdirilməsi sahəsinə xüsusi diqqət yetirir və hazırda ölkədə mikro, kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində liderlik mövqeyini qoruyub saxlayır. "AccessBank"ın regional filiallarının sayı artıq 35-ə çatdırılıb və bank öz portfelini genişləndirmək və göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədi ilə filial şəbəkəsinin genişləndirilməsinı davam etdirir.
"AccessBank"ın İdarə Heyətinin üzvü, Mikro və Aqro müştərilərlə iş və Filial şəbəkəsinin inkişafı üzrə İcraçı Direktor Renat Hümbətovla müsahibəni təqdim edirik:
- Renat bəy, "AccessBank" 20 ildən artıqdır ki, yerli bank bazarında fəaliyyət göstərir, mikro və aqrokreditlərin maliyyələşdirilməsi sahəsində liderdir. Bu illər ərzində eyni mövqeyi qorumağı necə bacarırsiniz?
- Kifayət qədər çətin sualdır, çünki bu nəticə bir çox mühüm faktorun qarşılıqlı təsiri nəticəsində əldə edilib. Əsas faktorlardan biri - mikrokreditlərin təyin edilməsi metodologiyasıdır ki, bu da 20 il ərzində təkmilləşdirilib. Biz daim bazar tendensiyalarını izləyirik, yeni məhsullar yaradırıq, kredit portfelinın idarə edilməsi sahəsində yeni alətlər tətbiq edirik. Əldə etdiyimiz nailiyyətlərdə proseslərin avtomatlaşdırması və filial şəbəkəsinin genişləndirilməsi prosesləri də mühüm rol oynayıb. Bizim inkişafımızın ən vacib və dəyişməz səbəbi isə yüksək ixtisaslı komandamızdır. "AccessBank" uzun illər ərzində bankirlər üçün məktəb olub, elə indi də Azərbaycanın bank sektoru üçün ən yaxşı kadrları yetişdirməyə davam edir.
- Filial şəbəkəsinin genişləndirilməsi siyasəti nələri nəzərdə tutur? İlin əvvəlindən "AccessBank" artıq üç regional filial açıb. Yeni filialların açılması hansı bölgələrdə planlaşdırılır və bu tendensiya mikro və aqro kredit portfelinin artımına necə təsir göstərir?
- "AccessBank" filial şəbəkəsini fəal şəkildə genişləndirməkdə davam edir. İlin əvvəlindən Masallı, Goranboy və Qubada yeni filiallarımız açılıb. Ümumiyyətlə, bankımızın kredit portfelinin 60 %-i məhz regional filialların payına düşür, eyni zamanda onların 37 %-i aqrokreditlər təşkil edir. Portfeldə əhəmiyyətli artım aqrar sektorun inkişafı və fermer təsərrüfatlarının dəstəklənməsi üzrə dövlət proqramları ilə bağlıdır. Biz bu sahədə Sahibkarlığın İnkişafı Fondu (SİF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə sıx əməkdaşlıq edirik. Filial şəbəkəsinin genişləndirilməsi maliyyə əlçatanlığının artırılması və etibarlı maliyyə tərəfdaşı imicinin gücləndirməsinə yönəlmiş prioritet planlarımızın tərkib hissəsidir. Biz yeni filiallar açmazdan əvvəl bölgələrdə fərdi sahibkarlığın vəziyyətini, kənd təsərrüfatı potensialını diqqətlə təhlil edirik. Eyni zamanda, biz prosesləri optimallaşdıraraq məsafədən satış kanallarını da tətbiq edirik. Bazar tələbinin təhlilinin nəticələrindən və müxtəlif regionlarda sahibkarlığın vəziyyətini nəzərə alaraq şəbəkəmizi genişləndirməyə davam edəcəyik.
- "AccessBank" Azərbaycanda sahibkarlığın inkişafını dəstəkləyir. Yeni filialların açılması regionlarda məşğulluğun təmin edilməsinə də töhfə verir. "AccessBank"ın regional ofislərində nə qədər işçi çalışır və onların ixtisasını artırmaq üçün hansı tədbirlər görülür?
- "AccessBank" ölkədə filial sayına görə üçüncü yerdədir. Hazırda bankımızın 35 filialı fəaliyyət göstərir, onlardan 15-i Abşeronda, qalan 20-si isə ölkənin müxtəlif regionlarında yerləşir. Regional filiallarda 516 əməkdaş çalışır ki, bu da bankın ümumi əməkdaşlarının 56 %-ni təşkil edir. Biz həm daxili, həm də xarici resurslardan istifadə edərək əməkdaşlarımızın bacarıqlarının inkişafına böyük əhəmiyyət veririk. Məsələn, bu yaxınlarda Beynəlxalq Ticarət Palatasının (İCC) mütəxəssisləri tərəfindən kredit risklərinin idarə edilməsi mövzusunda mikrokredit qruplarının menecerləri üçün təlim keçirilmişdir. Biz müştəri xidmətlərinin daim yüksək səviyyədə saxlanılması və bazar tələbinə uyğun məhsul çeşidlərinin təqdim edilməsi məqsədi ilə mütəmadi olaraq belə təlimlər təşkil edirik.
- Aqrokreditlərin maliyyələşdirilməsi sahəsi üçün hansı şərtləri təklif edirsiniz? Spesifik tələblər və kənd təsərrüfatının mövsümiliyinə görə dəyişən ödəniş cədvəlinin tətbiqi imkanları mümkündürmü?
- Biz kənd təsərrüfatı sahibkarlarının ehtiyaclarını nəzərə alaraq xüsusi hazırlanmış aqrokredit məhsulları təklif edirik. Məhsulların əsas məqsədi resursların vaxtında əldə edilməsinin və rahat ödəniş planının təmin edilməsidir. Kənd təsərrüfatında mövsümiliyinin vacibliyini anlayırıq və bu xüsusiyyətləri nəzərə alaraq çevik ödəniş qrafikləri təklif edirik. Aqrar portfelimizin dinamikası müştərilərimiz üçün şərtlərimizin uyğun olmasını təsdiq edir. Aqrar sektordakı tendensiyaları və artan tələbatı daim izləyirik ki, müştərilərimizin gözləntilərinə və tələblərinə uyğun məhsullar təklif edə bilək.
- Bankınız hansı həcmdə mikrokreditlər təqdim edir? Mikro, kiçik və orta müəssisələr üçün hansı məbləğlər əlçatandır?
- Mikrokreditlərin maliyyələşdirilməsi sahəsində əldə edilən nəticələrimizi məmnuniyyətlə paylaşmaq istərdim. "AccessBank"ın ölkənin bank sektorunda ümumi mikrokredit portfelindəki payı 25 %-dən artıqdır, bu da 700 milyon manatdan artıq vəsait deməkdir. Bu seqmentdə aktiv müştərilərin sayı 70 minə yaxındır və "AccessBank" hər ay orta hesabla 5,5 min mikrokredit verir. Biz müştərilərin ehtiyaclarına uyğun müxtəlif məbləğlədə mikrokreditlər təqdim edirik. Mikro, kiçik və orta müəssisələr üçün fərqli məbləğlər mövcuddur ki, bu da bizə onların geniş maliyyə ehtiyaclarının ödənilməsinə imkan verir. Əsas məqsədimiz müştərilərimizin maliyyə ehtiyaclarını tam təmin etmək və onların biznesinin inkişafını bütün mərhələlərdə dəstəkləməkdir.
- Yaxın gələcəkdə mikrosahibkarlar üçün yeni məhsul və ya xidmətlərin istifadəyə verilməsi planlaşdırırmı?
- "AccessBank" məhsulların keyfiyyətinin artırılması və müasir informasiya texnologiyalarını tətbiq etməklə bazarda maliyyə xidmətlərinin əlçatanlığını genişləndirmək üzərində daim çalışır. Hazırda mikro sahibkarlar üçün xüsusi mobil tətbiqinin hazırlanması işləri bitmək üzrədir və bu ilin avqust ayında istifadəyə verilməsi planlaşdırılır. Bu proqramın müştərilərimiz tərəfindən yüksək qiymətləndiriləcəyinə əminik, çünki tətbiq vasitəsilə əlavə olaraq xidmətdə rahatlıq və çeviklik təmin ediləcək. Müştərilərimizin tələblərini təmin etmək və onların bizneslərinin yüksək səviyyədə saxlanılması üçün biz təkmilləşməyi və yeni həllərin inkişaf etdirilməsini davam edəcəyik.
- "AccessBank" müştərilərinə vəsaitlərin idarə edilməsi və risklərin minimallaşdırılması məsələləri ilə bağlı məsləhət xidmətləri göstərirmi?
- Fəaliyyətinin ilk günlərindən AccessBank müştəriləri ilə tərəfdaşlıq əlaqələri qurur və bütün əməkdaşlıq dövrü ərzində müştərilərimizə maliyyə sabitliyinin qorunub saxlanılmasına yönəldilmiş məsləhət xidmətləri göstəririk. Müştərilərin bizə etibar etməsi, olanlaşdırılan və mövcud olan bizneslərinin inkişafında onlara dəstək olacağımıza əmin olmaları bizim üçün vacibdir. Təkcə bu il USAID-in təşkil etdiyi aqro kreditlərin maliyyələşdirilməsi üzrə təlimdə 50-dən çox sahibkar iştirak edib. Bundan əlavə, "AccessBank"ın dəstəyi ilə ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən və Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzi (CIPE) tərəfindən həyata keçirilən "Azərbaycanda qadın səlahiyyətləndirilməsi mərkəzləri” layihəsi çərçivəsində "AccessBank"ın dəstəyi ilə 200-dən çox qadın sahibkar biznesin keyfiyyətli idarə edilməsi mövzusunda müxtəlif təlimlərdə iştirak edib. Biz ilin sonuna qədər təlimlərə dəstək tədbirlərini davam etmək, növbəti ildə isə onların sayını artırmağı planlaşdırırıq.
- "AccessBank" üçün yaxın üç-beş il üçün hansı perspektivlər və məqsədlər görürsünüz?
- Hazırda üç illik strateji planın icrası mərhələsindəyik və deyə bilərəm ki, bank artıq əksər sahələrdə qarşıya qoyduğu məqsədləri üstələyir. Qarşıdakı illərdə "AccessBank" mikrobiznesləri intensiv şəkildə dəstəkləmək və bazarda liderlik mövqeyini inamla qoruyub saxlamaq niyyətindədir. Texnologiyalar sürətlə inkişaf etdiyi üçün rəqəmsal bankçılığın inkişafına xüsusi diqqət yetiriləcək, çünki bu dəyişikliklərə vaxtında uyğunlaşmaq vacibdir. Biz artıq rəqəmsal həllər tətbiq etmişik və müştərilərimizə xidmət keyfiyyətini artırmaq üçün onları daim təkmilləşdirəcəyik.
- "AccessBank" yaxın gələcəkdə Azərbaycanda yeni başlayan sahibkarların dəstəklənməsi istiqamətində hansı təşəbbüsləri dəstəkləməyi planlaşdırır?
- "AccessBank" Azərbaycanın bank sektorunda ilk dəfə olaraq sahibkar olmaq istəyən şəxslər üçün “Bizdən Biznesə” qrant layihəsinə start verir. Biz perspektivli ideyaları olan, lakin onları həyata keçirmək üçün kifayət qədər resurs və özgüvəni olmayan iddialı insanları dəstəkləmək niyyətindəyik. Bu layihə daha çox sosial xarakter daşıyır və bu bizim Azərbaycanda sahibkarlığın inkişafına əlavə töhfəmiz olacaq. Məsləhət xidmətləri və ilkin kapital təqdim etməklə, sahibkar olmaq istəyənlərə öz bizneslərini yaratmağa köməklik edəcəyik. Layihə tezliklə istifadəyə veriləcək.
Ətraflı müsahibə üçün təşəkkür edirik. Azərbaycanda sahibkarlığın dəstəklənməsi missiyanızda uğurlar arzu edirik.