"Accessbank"ın depozit portfeli 40% böyüyüb

"Accessbank"ın depozit portfeli 40% böyüyüb Bakı. 31 yanvar. REPORT.AZ/ Accessbank QSC 2017-ci il üzrə maliyyə hesabatını açıqlayıb. 
Maliyyə
31 Yanvar , 2018 17:38
Accessbankın depozit portfeli 40% böyüyüb

Bakı. 31 yanvar. REPORT.AZ/ "Accessbank" QSC 2017-ci il üzrə maliyyə hesabatını açıqlayıb. 

Bu barədə “Report” Banka istinadən xəbər verir. 

Ötən il "Accessbank"ın depozit portfeli 40,36% və yaxud, təxminən, 115 mln. manat artaraq 399,815 mln. manata çatıb. Ümumiyyətlə, Bankın depozit portfeli uzun müddətdir artım tendensiyası nümayiş etdirir. Son 1 ildə bu göstərici bütün rüblərdə artıb. 

31 dekabr 2017-ci il tarixinə Bankın ani likvidlik əmsalı 120,88% olub ki, bu da kifayət qədər likvid vəsaitin olması deməkdir.

2018-ci ilin əvvəlinə "Accessbank"ın aktivləri 844,821 mln. manat, kredit portfeli isə 503,503 mln. manat təşkil edib. Kredit portfelində artım tendensiyası da müşahidə olunur. Ötən ay kreditləşmədə yeni rekorda imza atılıb.

Bundan başqa, rüb ərzində "Accessbank" faiz gəlirlərini 31,14% artıraraq 102,475 mln. manata çatdırıb. Bankın xalis faiz mənfəəti 34,54% artaraq 38,958 mln. manat təşkil edib.

2017-ci ilin sonuna Bankın gəlirləri 24,204 mln. manat olub ki, bu da III rüblə müqayisədə 5,67%-lik artım deməkdir.

"Accessbank"ın İdarə Heyətinin sədri Rolf Reyxardt maliyyə göstəricilərini şərh edərkən bildirib ki, mövcud iqtisadi durumda investorlar bankın inkişafını müsbət dəyərləndirir və kapital artımına hazırlaşırlar: "Accessbank" 2018-ci ilə olduqca pozitiv yanaşır. İl ərzində Bank maliyyə dayanıqlılığını daha da artırmağı, bazardakı mövqeyini gücləndirməyi planlaşdırır. Əsas prioritetlərimiz bundan sonra da yerli sahibkarlara hərtərəfli dəstək vermək, rəqəmsal bankçılığın əhatə dairəsini genişləndirmək və müştəri məmnuniyyətini və etimadını artırmaq olacaq".

"Accessbank"ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Bankın səhmləri 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%) təşkilatıdır. 

Son xəbərlər

Orphus sistemi