ABŞ dollarının məzənnəsi əsas dünya valyutalarına nisbətdə bazar ertəsi səhər saatlarında azalır, investorlar gələn ilin büdcəsinin bir hissəsi olaraq ölkə iqtisadiyyatına dəstək paketi ilə əlaqədar ABŞ-dan gələn xəbərləri qiymətləndirirlər.
“Report” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:02-yə olan məlumata görə, avronun dollara nisbəti əvvəlki bağlanış səviyyəsində qeydə alınan 1,2204-dən 1,221-ə qədər artıb. Dolların yenə nisbəti isə əvvəlki 103,48 səviyyəsindən 103,53-ə yüksəlib. Dollar indeksi (ABŞ-ın əsas ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə qarşı dollar məzənnəsi) 0,15% azalaraq 90,19 bəndə düşüb.
Daha əvvəl Ağ Ev ABŞ Prezidenti Donald Trampın koronavirus pandemiyası ilə bağlı 900 milyard dollarlıq iqtisadi yardım paketini də özündə ehtiva edən 2021-ci ilin büdcəsini imzaladığını açıqlayıb.
Bazarlar Britaniyanın Aİ-dən tam çıxmasından və keçid dövrünün bitməsindən sonra krallığın iqtisadiyyatının perspektivlərini qiymətləndirməyə davam edir. Britaniya və Aİ dekabrın 24-də 1 yanvar 2021-ci il tarixində qüvvəyə minməli olan “Brexit” üzrə ticarət razılaşması imzalayıb. İki min səhifədən ibarət olan razılaşma sənədi iclası dekabrın 30-na planlaşdırılan Britaniya Parlamenti tərəfindən təsdiqlənməlidir.