ABŞ-da irimiqyaslı məşğulluq planı açıqlanıb

ABŞ-da irimiqyaslı məşğulluq planı açıqlanıb ABŞ Prezidenti Cozef Bayden dəyəri 2 trilyon dollardan çox olan yeni məşğulluq planını açıqlayıb
Maliyyə
1 Aprel , 2021 12:05
ABŞ-da irimiqyaslı məşğulluq planı açıqlanıb
Cozef Bayden

ABŞ Prezidenti Cozef Bayden dəyəri 2 trilyon dollardan çox olan yeni məşğulluq planını açıqlayıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ötən gün Pitsburq şəhərində dövlət başçısının söylədiyi nitq zamanı açıqlanan yeni planın İkinci Dünya müharibəsindən bu yana məşğulluq sahəsinə ən böyük sərmayə olacağı qeyd edilib. Belə ki, infrastruktur quruculuğu, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, habelə yaşlılara qayğı və s. sosial xidmətlər kimi sahələrdə milyonlarla yeni iş yeri yaratmaq nəzərdə tutulur.

Bütövlükdə, plan çərçivəsində infrastruktur obyektlərinin yenidən qurulmasına 621 milyard dollar, elektrik nəqliyyat bazarına, o cümlədən 2030-cu ilədək ölkə boyu elektromobil dorldurma şəbəkəsi qurulmasına 174 milyard dollar, ekoloji evlər yaradılmasına 213 milyard dollar ayrılır. Yerli istehsalın təşviqi, ölkə elektrik şəbəkəsinin dəstəklənməsi, ümumölkə genişzolaqlı internetin tətbiqi, içməli su şəbəkəsinin modernləşdirilməsi kimi hədəflər üçün də külli miqdarda vəsait ayrılacaq.

Yaşlılara, məhdud imkanlı vətəndaşlara icma səviyyəsində qayğı tədbirləri, habelə onların məşğulluğunu dəstəkləmək məqsədi ilə 400 milyard dollar sərf etmək nəzərdə tutulur.

Sadalananlara nail olmaq üçün yeni plan hüquqi şəxslərin vergi dərəcəsini 21 faizdən 28 faizədək artırmağı, şirkətlərin qazanclarını xaricə köçürmələri üçün şərait yaradan hüquqi boşluqları aradan qaldırmağı nəzərdə tutur. Həmçinin 8 il və daha artıq müddətli layihələr üçün ödəmələri 15 ilədək müddətə tutulacağı bildirilir.

Bu ay həyata keçirilməsi nəzərdə tutulan yeni plan nəticəsində federal hökumətin iqtisadiyyatda indiyədək misli görülməmiş, illik hasilatın azı 20 faizi səviyyəsində rol oynamağa başlayacağı qeyd edilir. Bayden komandasının qənaətincə, iqtisadiyyatın gücləndirilməsinə dair hökumətin səyləri koronavirus pandemiyasından sonra iqtisadiyyatın dirçəlişi, habelə Çin tərəfindən təhdid olunduğu düşünülən milli təhlükəsizlik baxımdan ən sərfəli yoldur.

Xatırladaq ki, vəzifəyə gəldikdən dərhal sonra yeni administrasiya ölkə iqtisadiyyatını koronavirus pandemiyasının fəsadlarına qarşı dəstəkləmək üçün 1,9 trilyon dollarlıq proqram qəbul etmişdi.

Son xəbərlər

Orphus sistemi